Xəbərlər
Coğrafiya İnstitutunun kollektivi Qəbələ və İsmayıllı rayonlarına səfər edib

Coğrafiya İnstitutunun kollektivi Qəbələ və İsmayıllı rayonlarına səfər edib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun kollektivi Həmkarlar Təşkilatının xətti ilə Qəbələ və İsmayıllı rayonlarına yaddaqalan səfər edib.
Səfərin əsas məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkil edilməsi, əməkdaşlar arasında ünsiyyətin və həmrəyliyin gücləndirilməsi, eləcə də Azərbaycanın zəngin tarixi-mədəni irsi və füsunkar təbiəti ilə yaxından tanış olmaq olub.
Səfər çərçivəsində kollektivin ilk dayanacağı Qəbələ rayonu olub. Əməkdaşlar burada yerləşən Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Ziyarət zamanı Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, dövlətçilik tariximizdəki müstəsna rolunu əks etdirən materiallarla tanış olublar.
Daha sonra səfər İsmayıllı rayonunda davam edib. İnstitutun əməkdaşları rayonun qədim yaşayış məntəqələrindən biri olan Basqal kəndini ziyarət edərək onun tarixi-memarlıq xüsusiyyətləri və özünəməxsus milli-mədəni mühiti ilə tanış olublar. Qədim küçələri, ənənəvi memarlığı və sənətkarlıq irsi ilə seçilən Basqal kəndi səfər iştirakçılarında xoş təəssürat yaradıb.
Kollektivin növbəti dayanacağı Azərbaycanın füsunkar təbiət guşələrindən biri olan Yeddi Gözəl şəlaləsi olub. Əməkdaşlar ərazinin təbii gözəlliklərini seyr edib, təbiətin qoynunda xoş anlar yaşayıblar. Səfər boyunca iştirakçılar bölgənin zəngin təbiəti, yaşıl meşələri və mənzərəli dağ landşaftları ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Gəzinti proqramının sonunda kollektiv üçün süfrə təşkil olunub. Musiqili-əyləncəli proqramla davam edən istirahət əməkdaşlara gündəlik iş rejimindən uzaqlaşmaq, birlikdə xoş vaxt keçirmək və səmimi ünsiyyət qurmaq imkanı yaradıb.
Səfər iştirakçıların xoş təəssüratları ilə yadda qalıb. Belə tədbirlər kollektiv daxilində dostluq və həmrəyliyin möhkəmləndirilməsinə, əməkdaşların sosial və mənəvi istirahətinin təmin olunmasına, eləcə də işgüzar münasibətlərin daha da inkişafına töhfə verir.
AMEA –da növbəti qanvermə aksiyası keçirilib.

AMEA –da növbəti qanvermə aksiyası keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, AMEA Azad Həmkarlar İttifaqının və Səhiyyə Nazirliyi Respublika Qan Bankının, Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə növbəti qanvermə aksiyası həyata keçirilib. Aksiyaya AMEA əməkdaşları, Elm və Təhsil Nazirliyinin elmi-tədqiqat institutlarının əməkdaşları qoşularaq bu nəcib təşəbbüsdə yaxından iştirak ediblər.
"Hər damla qan bir uşaq üçün ümid, bir ana üçün sevinc, bir ailə üçün xilas deməkdir" şüarı ilə keçirilən aksiyanın əsas məqsədi talassemiyalı və qana ehtiyacı olan digər vətəndaşlarımıza dəstək olmaq, respublikamızda könüllü donorluq hərəkatına töhfə verməkdir.
AMEA əməkdaşları bu nəcib təşəbbüsə növbəti dəfə qoşularaq sağlam cəmiyyət naminə həmrəyliyimizə dəstək olduqlarını nümayiş etdiriblər.
Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin İlk Həmkarlar Təşkilatları tərəfindən 7 Oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibətilə silsilə tədbirlər keçirilib.

Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin İlk Həmkarlar Təşkilatları tərəfindən 7 Oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibətilə silsilə tədbirlər keçirilib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (AR ETN) elmi müəssisələrində Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) İlk Həmkarlar Təşkilatlarının təşkilatçılığı ilə 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibətilə silsilə maarifləndirici və təntənəli tədbirlər təşkil olunub.
Tədbirlər çərçivəsində AR ETN Aqrar Problemlər İnstitutu, Bioresurslar İnstitutu (Gəncə), Ekologiya və Təbii Ehtiyatlar İnstitutu və Mərkəzi Nəbatat Bağının Həmkarlar Təşkilatlarının birgə təşkilatçılığı ilə genişmüqyaslı maarifləndirici tədbir reallaşdırılıb. Bununla yanaşı, Fizika İnstitutu PHŞ, Riyaziyyat İnstitutu, İqtisadiyyat İnstitutu və Təbiət Tarixi Muzeyində də mövzuya həsr olunmuş görüşlər keçirilib.
Keçirilən tədbirlərin əsas məqsədi əmək hüquqları və vəzifələri, layiqli, sağlam və təhlükəsiz əmək şəraitinin formalaşdırılması, işçilərin hüquqlarının müdafiəsi, sosial dialoq və tərəfdaşlığın gücləndirilməsi istiqamətində əməkdaşların maarifləndirilməsi olub.
- Aqrar Problemlər, Bioresurslar (Gəncə), Ekologiya və Təbii Ehtiyatlar İnstitutları və Nəbatat Bağının İlk Həmkarlar Təşkilatlarının birgə tədbirində institutların rəhbərliyi, elmi işçiləri, həmkarlar təşkilatlarının nümayəndələri və digər əməkdaşlar iştirak ediblər. Çıxışlarda layiqli əməyin insan həyatında və cəmiyyətin inkişafındakı rolu, əməkdaşların hüquq və mənafelərinin qorunması, kollektivdə qarşılıqlı əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi üzrə təklif və təşəbbüslər səsləndirilib.
- Fizika İnstitutu PHŞ-də baş tutan tədbiri AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva açaraq ölkəmizdə həmkarlar ittifaqları sistemində görülən işlərdən bəhs edib. İnstitutun Həmkarlar Komitəsinin sədri, f.ü.f.d. Sitarə Bağırova bu günün 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təsis edildiyini vurğulayıb. Yaradılmış işçi qrupunun hazırladığı təkliflər f.ü.f.d. Suma Hüseynova və Zeynəb İsmayılova tərəfindən diqqətə çatdırılıb.
- Riyaziyyat İnstitutunda elmi katib, r.ü.f.d. Sevinc Quliyeva, Həmkarlar Təşkilatının sədri, t.e.f.d. İradə Mirzəzadə, əməyin mühafizəsi üzrə mühəndis Firəngiz Həsənova, hüquq məsləhətçisi Vəfa Usubova və İnsan resursları və hüquq sektorunun müdiri Gülnar Quliyeva çıxış ediblər. Tədbirdə 2024–2028-ci illər üçün Layiqli Əmək üzrə yeni Ölkə Proqramı layihəsindən söz açılıb, sonunda isə institutun 5 əməkdaşına “Əmək veteranı” vəsiqələri təqdim olunub.
- İqtisadiyyat İnstitutunda icraçı direktor və aidiyyəti struktur rəhbərlərinin iştirakı ilə əməkdaşların sualları cavablandırılıb və məhsuldar fikir mübadiləsi aparılıb.
- Təbiət Tarixi Muzeyində reallaşan maarifləndirici görüşdə elmi işçilər, fond, ekspozisiya, bərpaçı, inzibati və texniki heyətin xüsusi əmək şəraiti, təbiət irsinin qorunmasında onların rolu və peşəkarlıq məsələləri geniş müzakirə olunub.
Silsilə tədbirlərin sonunda vurğulanıb ki, elm və təhsil müəssisələrində layiqli əmək mühitinin təmin olunması, tədqiqatçıların və texniki heyətin əməyinin düzgün qiymətləndirilməsi elmi fəaliyyətin səmərəliliyinə və ölkəmizin davamlı inkişafına mühüm töhfə verir.
ELMİ TƏŞKİLATLARIN BİRLƏŞMİŞ HƏMKARLAR İTTİFAQI KOMİTƏSİNİN İLK TƏŞKİLATLARINDA 27 SENTYABR – ANIM GÜNÜ QEYD OLUNUB

ELMİ TƏŞKİLATLARIN BİRLƏŞMİŞ HƏMKARLAR İTTİFAQI KOMİTƏSİNİN İLK TƏŞKİLATLARINDA 27 SENTYABR – ANIM GÜNÜ QEYD OLUNUB
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elmi təşkilatlarında fəaliyyət göstərən həmkarlar ittifaqı ilk təşkilatlarında 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbirlər keçirilib.
Tədbirlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda 27 Sentyabr – Anım Gününün xalqımızın milli yaddaşında mühüm yer tutduğu vurğulanıb. Bildirilib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın müasir tarixinin mühüm hadisələrindən biri olmaqla, 44 gün davam edən döyüşlər nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnib.
Qeyd olunub ki, Vətən müharibəsində Azərbaycan Ordusunun şəxsi heyətinin göstərdiyi qəhrəmanlıq və fədakarlıq, xalqımızın birlik və həmrəyliyi tarixi Zəfərin əsas yadda qalan məqamları sırasındadır. Şəhidlərin həyat və döyüş yolu, onların Vətən uğrunda göstərdikləri fədakarlıq gənc nəsil üçün örnək kimi qiymətləndirilib.
Genetik Ehtiyatlar İnstitutunda keçirilən tədbirdə institutun baş direktor vəzifəsini icra edən, b.ü.f.d. Natavan Kələntərova, Həmkarlar Təşkilatının sədri Rzaqulu Hacıyev və baş aqronom Xosrov Kərimli çıxış ediblər. Çıxışlarda şəhidlərin müqəddəs xatirəsinin yaşadılmasının, şəhid ailələrinə və qazilərə diqqət və qayğı göstərilməsinin hər birimizin mənəvi borcu olduğu bildirilib.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında və Bakı bölməsində keçirilən tədbirlərdə rəsədxananın baş direktoru, müxbir üzv Namiq Cəlilov, icraçı direktor, professor Nəriman İsmayılov, şöbə və sektor rəhbərləri çıxış ediblər. Çıxışlarda Vətən müharibəsinin tarixi əhəmiyyəti, şəhidlərin qəhrəmanlıq salnaməsi, milli yaddaşın qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi diqqətə çatdırılıb.
Coğrafiya İnstitutunda keçirilən tədbirdə institutun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elşad Musayev, Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı və coğrafiya elmləri doktoru Rza Mahmudov çıxış ediblər. Çıxışlarda Anım Gününün tarixi əhəmiyyətindən, şəhidlərin qəhrəmanlığından, xalqımızın milli birliyindən və Vətən müharibəsinin nəticələrindən bəhs olunub.
Tədbirlərdə həmçinin şəhidlərin həyat və döyüş yollarının gələcək nəsillərə çatdırılmasının, onların əziz xatirəsinin daim yaşadılmasının əhəmiyyəti vurğulanıb. Həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətində şəhid ailələrinə və qazilərə diqqət və qayğının xüsusi yer tutduğu qeyd edilib.
Anım Günü ilə əlaqədar keçirilən tədbirlərin sonunda Vətən müharibəsinə və şəhidlərin əziz xatirəsinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib, bəzi təşkilatlarda isə şəhidlər xiyabanları və məzarları ziyarət olunaraq önünə güllər düzülüb.
Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsi və onun ilk təşkilatları tərəfindən keçirilən bu tədbirlər şəhidlərin əziz xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, milli yaddaşın qorunmasına, vətənpərvərlik hisslərinin gücləndirilməsinə və gənc nəslin Vətənə bağlılıq ruhunda formalaşmasına xidmət edir.
ARETN GEOLOGİYA İNSTİTUTU PHŞ ƏMƏKDAŞLARININ MƏKTƏBLİ ÖVLADLARINA MƏKTƏB LƏVAZİMATLARI HƏDİYYƏ OLUNUB

ARETN GEOLOGİYA İNSTİTUTU PHŞ ƏMƏKDAŞLARININ MƏKTƏBLİ ÖVLADLARINA MƏKTƏB LƏVAZİMATLARI HƏDİYYƏ OLUNUB
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutu PHŞ-nin rəhbərliyi, Həmkarlar İttifaqı Komitəsi (HİK) və Elmi Təşkilatların Birləşmiş Həmkarlar Komitələrinin rəhbərliyinin birgə təşəbbüsü ilə 2026-cı il “15 sentyabr – Bilik Günü” münasibətilə institut əməkdaşlarının I–V siniflərdə təhsil alan 45 məktəbli övladına məktəb ləvazimatlarından ibarət hədiyyələr təqdim olunub.
Tədbirin keçirilməsində məqsəd elmə xidmət edən institut əməkdaşlarının sosial təminatının yaxşılaşdırılmasına dəstək olmaq, onların övladlarına diqqət və qayğı göstərmək, həmçinin uşaqlarda elmə ilkin maraq və həvəs yaratmaqdır.
2016-cı ildən ənənəvi olaraq keçirilən tədbir bu il fərqli formatda təşkil olunub. Belə ki, institut kollektivinin I–V siniflərdə təhsil alan 45 məktəbli övladı üçün məktəb ləvazimatlarından ibarət hədiyyələr hazırlanıb. Onlardan 7 nəfər I sinif şagirdi üçün yeni məktəbli çantaları da alınıb.
Hədiyyələrin təqdimatı iki məkanda həyata keçirilib. “Crescent Mall”da yerləşən “Ali və Nino” kitab evində keçirilən “Əyləncəli geologiya” kitabının təqdimat mərasimi çərçivəsində 23 hədiyyə Geologiya İnstitutu PHŞ-nin direktor vəzifəsini icra edən, t.e.d. Elçin Vəliyev tərəfindən məktəblilərə təqdim olunub.
Daha 22 hədiyyə isə Geologiya İnstitutunda Həmkarlar İttifaqı Komitəsinin sədri, “SƏTƏM” sektorunun müdiri, g.-m.ü.f.d. Kamran Əliyev tərəfindən institut əməkdaşlarının övladlarına təqdim edilib.
Tədbir məktəbli uşaqlar və onların valideynləri tərəfindən məmnunluqla qarşılanıb.
GEOLOGİYA İNSTİTUTUNUN KOLLEKTİVİ İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRİ ZİYARƏT EDİB

GEOLOGİYA İNSTİTUTUNUN KOLLEKTİVİ İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRİ ZİYARƏT EDİB
Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) maliyyə dəstəyi ilə Geologiya İnstitutu Həmkarlar Təşkilatı tərəfindən institutun əməkdaşları üçün işğaldan azad olunmuş ərazilərə iki günlük gəzinti təşkil olunub.
Səfər çərçivəsində əməkdaşlar Şuşa, Xankəndi, Laçın və Zəngilan şəhərlərində olublar. Ziyarət zamanı işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə tanışlıq, tarixi və mədəni məkanlara baxış keçirilib.
Şuşada Şuşa qalası, Cıdır düzü, Gövhər ağa məscidi və İsa bulağı, Xankəndidə Zəfər parkı və Zəfər tağı ziyarət olunub. Laçında Həkəri çayının ətrafı, Zəngilanda isə Ağalı kəndi ilə tanışlıq əməkdaşlarda böyük maraq və xoş təəssüratlar yaradıb.
Səfər zamanı Geologiya İnstitutunun rəhbəri Elçin F. Vəliyev əməkdaşlarla qeyri-rəsmi görüşlər keçirib, fikir mübadiləsi aparıb və onları maraqlandıran məsələləri dinləyib.
Yeni yaradılmış Geologiya İnstitutunun fəaliyyətə başladığı ilk dövrdə belə tədbirlərin keçirilməsi əməkdaşlar arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, komanda ruhunun inkişaf etdirilməsi və vahid kollektiv anlayışının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Səfərin təşkilinə göstərdiyi maliyyə dəstəyinə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə (BHİK) təşəkkür edirik.
Geologiya İnstitutu Həmkarlar Təşkilatı əməkdaşların sosial-mədəni istirahətinin təşkilinə, onların asudə vaxtının səmərəli keçirilməsinə, kollektiv daxilində həmrəyliyin və qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin keçirilməsini bundan sonra da davam etdirəcək.
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.
Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.
Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.
ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib.
Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.
ETN Geologiya İnstitutunda (Gİ) 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

ETN Geologiya İnstitutunda (Gİ) 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
Əsasən İnstitut gənclərinin iştirak etdiyi toplantıda akademik Akif Əlizadə Azərbaycan xalqınının nüfuzlu dövlət xadimi Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində böhrandan xilas olduğunu müşahidələri və tarixi faktlar əsasında şərh edib. Alim əsası H.Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan dövlətinin tərəqqisi və qüdrətlənməsi, iqtisadi uğurların qazanılması, ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutması istiqamətində apardığı uzaqgörən siyasətdən söz açıb, ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyimizin qorunub saxlanmasında Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Akademik Ümummili Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atıldığını, iqtisadi tənəzzülə son qoyulduğunu, əmin-amanlığın təmin edildiğiyini vurğulayıb.
Sonra y.e.d., professor Qulam Babayev Milli Qurtuluş gününə həsr olunmuş təqdimatla çıxış edərək, Heydər Əliyevin Azərbaycan gənclərinin həyatında, elmi inkişafında fəaliyyətlərinin genişlənməsində böyük rolundan söz açıb: “Tarixə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyununun mahiyyətini hamımız sevgilərlə yaşayırıq. Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malikdir. Vətənini, xalqını sevənlər, çətin günlərin ağrılarını, dəhşətlərini yaşayanlar, hadisələri görənlər üçün 15 iyun əsl Qurtuluş Günü, Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir. Heydər Əliyev zəkası elmi sahədə də özünü büruzə verdi. Heydər Əliyev gəncliyi ölkənin gələcək inkişafının əsas dinamik qüvvəsi kimi müəyyən etdi.Kadr hazırlığının gücləndirilməsi, rəqəmsal geologiya və süni intellekt, beynəlxalq əməkdaşlıq, elmi innovasiya və qrant fəaliyyəti, Gənc Alimlər Şurasının rolunun artırılması və prioritet elmi istiqamətlərin inkişafı əsas hədəf kimi təsdiqləndi.
Beləliklə, 2026–2035-ci illər ərzində həyata keçiriləcək bu strategiya nəticəsində Geologiya İnstitutunda beynəlxalq səviyyədə rəqabətqabiliyyətli gənc alimlər nəsli formalaşacaq, institutun elmi məhsuldarlığı artacaq, qrant və innovasiya fəaliyyətləri genişlənəcək, Azərbaycanın Yer elmləri üzrə aparıcı elmi mərkəz statusu daha da möhkəmlənəcək.
Sonra Geologiya İnstitutu direktorunun vəzifəsini icra edən texnika elmləri doktoru Elçin Vəliyev Milli Qurtuluş Günü münasibətilə məruzə edib. Bildirib ki, Azərbaycan tarixində dövlətçiliyin xilası və inkişafı missiyası məhz Heydər Əliyevin adı ilə bağlıdır. Amma bu səpkidə onun fəaliyyəti təkcə 1993-cü il hadisələri ilə yaddaqalan deyil. Strateji kadr hazırlığı və təhsil siyasəti, elmi və sənaye infrastrukturunun qurulması, 250-dən çox yeni iri sənaye müəssisəsinin yaradılması, “Əsrin müqaviləsi”, iqtisadi sıçrayış və i.a.
Elçin Vəliyev sözünün davamında vurğulayıb ki, tarixdən də bildiyimiz kimi, hadisələrin gedişatını sadəcə kütlə deyil, doğru zamanda doğru, cəsarətli qərarlar sahibi olan böyük liderlər müəyyən edir.
Natiq dünyaca məşhur şəxsləri - Abraham Linkolnu, Mustafa Kamal Atatürkü, Li Kuan Yunu bariz nümunə kimi xatırladaraq bildirib: “Heydər Əliyevin dövlətçilik fəaliyyətindən çıxarmalı olduğumuz ən böyük dərs budur: böyük və davamlı nəticələr təsadüfən deyil, yalnız uzaqgörənlik, kadr hazırlığı, elmə, təhsilə verilən dəyər və ən çətin anlarda məsuliyyət götürmək bacarığı ilə əldə edilir “.
Tədbirdə gənclərin mülahizələri dinlənilib, suallar cavablandırılıb.
Riyaziyyat İnstitutunun əməkdaşları Qusar rayonuna istirahət səfərində olublar

Riyaziyyat İnstitutunun əməkdaşları Qusar rayonuna istirahət səfərində olublar
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun Həmkarlar Komitəsinin təşkilatçılığı ilə 13–15 iyun 2026-cı il tarixlərində institutun 35 nəfər əməkdaşı üçün Qusar rayonuna istirahət və ekskursiya səfəri təşkil edilib.
Səfərin əsas məqsədi əməkdaşların asudə vaxtının səmərəli təşkili, onların sosial rifahının yaxşılaşdırılması, kollektiv üzvləri arasında qarşılıqlı münasibətlərin və həmrəylik mühitinin daha da möhkəmləndirilməsi olub.
Üç gün davam edən səfər çərçivəsində iştirakçılar Qusar rayonunun zəngin turizm potensialı, füsunkar təbiəti və görməli məkanları ilə yaxından tanış olublar. Əməkdaşlar bölgənin saf dağ havasından, əsrarəngiz mənzərələrindən zövq alaraq xoş və yaddaqalan istirahət keçiriblər.
Səfər müddətində kollektiv Qusar rayonunda yerləşən Hill Park Qusar Hoteldə yerləşdirilib. Burada iştirakçılar üçün yüksək səviyyəli xidmət və rahat istirahət şəraiti təmin olunub. Eyni zamanda, əməkdaşların birgə asudə vaxt keçirmələri, ünsiyyət əlaqələrinin möhkəmləndirilməsi və kollektiv ruhunun gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilib.
FİZİKA İNSTİTUTUNDA SEMİNAR TƏŞKİL OLUNUB.

FİZİKA İNSTİTUTUNDA SEMİNAR TƏŞKİL OLUNUB.
16 iyun 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutu PHŞ-də Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası ilə əlaqədar olaraq seminar təşkil olunub. Seminarı giriş sözü ilə institutun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova açıb və müzakirə olunan elmi mövzunu seminar iştirakçılarının diqqətinə çatdırdıqdan sonra sözü məruzəçiyə verib.
Seminarda Azərbaycan Milli Elmlər Akademiyası Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Rəqəmsal Şərqşünaslıq və Süni İntellekt” şöbəsinin aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Sevinc Usub qızı Hüseynova “İnsan Hüquq və Azadlıqlarının Müdafiəsinin Beynəlxalq-Hüquqi Standartları: Avropa Konvensiyası və digər dövlət orqanlarının fəaliyyət istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib.
Mövzü ətrafında geniş müzakirələr aparılıb və verilən suallar cavablandırılıb.


